31 Avqust 2014 Turizm 11:13
Naxçıvan Muxtar Respublikası
İdarə
Qanunvericilik
Konsulluq Xidməti
Mətbuat və İnformasiya
Kitabxana
Xarici Nümayəndəliklər
Əlaqə
Faydalı internet mənbələri
Elektron xidmətlər



The site of President of Azerbaijan Republic

Naxçıvan Muxtar Respublikasının coğrafi mövqeyi, özünəməxsus iqlimi, fauna və florası, qədim tarixə malik mədəniyyət abidələri turizmin inkişafı üçün əlverişli şərait yaradır. Burada qədim dövrlərin yadigarı olan təbiət və tarixi abidələr - Mömünə xatun, Qarabağlar, Yusif Küseyir oğlu, Gülüstan türbələri, əsrlərdən bəri qorunub saxlanılan, yaşı 800 ildən artıq olan Şərq çinarı, nalbənd, tut ağacları və tarixi yaddaşı özündə əks etdirən qədim insanların ilk məskunlaşdığı yaşayış yeri - Gəmiqaya, Kilit mağarası, bu yerlərin əzəmətinin, məğlubedilməzliyinin simvolu olan Əlincə Qalası, möhtəşəmliyi ilə seçilən İlandağ, misilsiz təbiət abidələri olan Babək qalası, Göy-göl, Əshabi-Kəhf və yüzlərlə sənət əsərləri Naxçıvan diyarının analoqu olmayan turizm potensialıdır. Həmçinin ərazidə 250-dən çox mineral və müalicəvi əhəmiyyətli su mənbələrinin mövcudluğu muxtar respublikada turizmin inkişafı üçün geniş imkanlar yaradır.

duzdag-oteliLakin Türkiyə və İranla həmsərhəd Naxçıvan Muxtar Respublikası keçmiş SSRİ-nin strateji bölgəsi olduğu üçün burada turizmin inkişafına imkan verilməmişdir. Məhz bu səbəblə dünyada çox mühüm əhəmiyyət kəsb edən bu sektor muxtar respublikada yeni-yeni formalaşmaqdadır. Müstəqilliyin ilk illərində yaranmış iqtisadi-siyasi problemlər həll edildikcə mövcud turizm potensialının işlənilməsi və inkişaf etdirilməsi aktual mövzuya çevrilmişdir. Son illərdə infrastrukturun yaxşılaşdırılması istiqamətində xeyli işlər görülmüş, şəhər və rayonlarda milli və müasir memarlığın nailiyyətlərini özündə cəmləşdirən istirahət parkları və bulaq-abidə kompleksləri istifadəyə verilmiş, müasir tələblərə cavab verən mehmanxanalar tikilmiş, yeni abidələr ucaldılmış, tarixi yaddaşı əks etdirən qədim memarlıq abidələri bərpa edilərək əvvəlki görkəmlərinə qaytarılmışdır. Həmçinin dünyada analoqu olmayan Duzdağ və Badamlı fizioterapiya xəstəxanaları və Darıdağ arsenli su müalicəxanası müasir tələblər səviyyəsində yenidən qurulmuşdur. Eyni zamanda 2008-ci ilin iyun ayında istifadəyə verilən Duzdağ Sanatoriya Kompleksində müayinə, müalicə və istirahət üçün hər cür şərait yaradılmışdır.turizm

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı il 5 may tarixli fərmanı ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində Naxçıvan Turizm-İnformasiya Mərkəzi yaradılmışdır.

2006-cı ilin noyabrında Naxçıvan şəhərində keçirilmiş "Turizm, İnkişaf və Perspektivlər" mövzulu beynəlxalq konfrans muxtar respublikada turizm sektorunun inkişaf etdirilməsi istiqamətində uğurlu addım olmuş və yeni layihələrin hazırlanmasına rəvaç vermişdir.

2008-ci ilin may ayında İslam Konfransı Təşkilatına üzv ölkələrin nümayəndələrinin iştirakı ilə Naxçıvanda keçirilən "Dini və sağlamlıq turizmi: mənəvi və fiziki istirahətin təşkili" mövzusunda beynəlxalq konfrans muxtar respublikanın turizm imkanlarının təbliğində mühüm əhəmiyyətə malik olmuşdur.

Naxçıvan Muxtar Respublikasında mövcud olan dini və milli xüsusiyyətləri özündə əks etdirən tarixi abidələr, rəngarəng təbiət mənzərələri, təmiz iqlim, mineral sular və onlar əsasında yaradılmış sanatoriya tipli müalicə mərkəzləri burada ekoturizmlə yanaşı, etnik və inanc turizminin də inkişafına geniş imkanlar verir.

Azərbaycan Respublikasında turizmin daha da inkişaf etdirilməsi və turizm fəaliyyəti üçün əlverişli şəraitin yaradılması zərurətini nəzərə alaraq, turizm ehtiyatlarından səmərəli istifadə olunmaqla zəngin coğrafi landşafta malik ölkəmizin təbiət abidələrinin və eləcə də xalqımızın qədim mədəni-tarixi irsinin geniş miqyasda tanıdılmasını təmin etmək məqsədi ilə 2011-ci ilin "Turizm ili" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq muxtar respublikada da bir sıra tədbirlər həyata keçirilmişdir.

Bu istiqamətdə 2013-cü ildə Şahbuz rayonunda Ağbulaq İstirahət Mərkəzinin, digər bu kimi infrastruktur obyektlərinin istifadəyə verilməsi bu sahədə aktivliyi daha da artırmağa imkan yaratmışdır. 2013-cü ildə muxtar respublikamıza ölkəmizin digər bölgələrindən və xarici ölkələrdən, ümumilikdə, 370 min 638 nəfər turist gəlmisdir ki, bu da 2012-ci ildəki müvafiq göstəricini 3,3 faiz və ya 11 min 675 nəfər üstələyir.

 

                                                 Tarixi abidələr

Əshabi-Kəhf

  eshabi-kehvƏrəb dilində "mağara sahibləri" mənasına gələn Əshabi-Kəhf Naxçıvan şəhərindən 12 km kənarda, İlandağ ilə Nəhəcir dağı arasındakı təbii mağarada yerləşən dini ziyarətgahdır. Qurani-Kərimdə "Kəhf" surəsinin 9-26 ayələrində Allahdan başqasına inananlardan ayrılıb mağaraya sığınan gənclərdən, onların 300 ildən artıq yatdıqlarından, oyandıqdan sonra başlarına gələnlərdən bəhs edilir. Qurani-Kərimdə mövcud olan bu hadisə müəyyən dəyişikliklərlə Naxçıvandakı Əshabi-Kəhflə bağlı rəvayətlərdə də öz əksini tapmışdır. Kiçik Asiya və Fələstin ərazisində də belə mağaralar olsa da mütəxəssislər Naxçıvandakı mağaranın digərlərindən xeyli fərqləndiyini söyləyir və həqiqi Əshabi-Kəhf olma ehtimalının yüksək olduğunu ehtimal edirlər. Ziyarətgahı il ərzində minlərlə insan ziyarət edir. Son illər burada abadlıq-bərpa işləri aparılmış, zəvvarlar üçün yaxşı şərait yaradılmış, məscid tikilmişdir.

 

Nuh Türbəsi

Naxçıvan şəhərinin cənub tərəfində Köhnəqala adlanan ərazidə VIII-XII əsrlərə aid memarlıq abidəsi. K.A.Nikitinin «Naxçıvan şəhəri və Naxçıvan qəzası» adlı nuh-turbeməqaləsində Həzrəti Nuh Peyğəmbərin buradakı məzarı və türbəsi aşağıdakı kimi təsvir olunmuşdur: «Nuhun qəbri Naxçıvan şəhərinin cənub tərəfində, qədim qalanın qalıqlarının yaxınlığında yerləşir. Məzarın hazırkı görkəmi 8-ci yüzillikdə bərpa edilmişdir. İndiki görkəmdə məzar yerdən qalxan, çox da böyük olmayan türbəni xatırladır. Əvvəlcə burada məbəd olmuş, sonra uçub dağılmışdır. Hazırkı türbə keçmiş məbədin aşağı mərtəbəsinin qalıqlarından ibarətdir. Məbədin pilləkanlarla aşağı düşmək tələb olunan interyeri dairəvi, ortadan daş dirəklə möhkəmləndirilmiş sərdabə tipindədir. Rəvayətə görə həmin dirəyin altında Nuhun cənazəsi yerləşir. Sərdabədə obrazların və bəzəklərin təsviri yoxdur. Sərdabənin divarları ağardılmış, səyyahların və ibadətə gələn zəvvarların müxtəlif dillərdə olan adları ilə yazılıb doldurulmuşdur. V.M.Sısoyev əsərində «Nuhun türbəsi» haqqında məlumat verərkən sərdabənin tərəfləri 2,5 metr olan səkkizguşəli prizma şəklində olduğunu qeyd etmişdir. Azərbaycan realist rəssamlıq sənətinin banisi Bəhruz Kəngərli (1892-1922) XX əsrin əvvəllərində yağlı boya ilə Naxçıvan şəhərindəki Nuhun türbəsini naturadan şəklini çəkmişdir. Əsərdə Nuh peyğəmbərin türbəsi ilə yanaşı türbənin yerləşdiyi ərazi də təsvir edilmişdir.

Naxçıvanda Nuhun qəbri ilə bağlı xeyli əfsanələr var. Əfsanəyə görə dünya tufanı zamanı Həzrəti Nuh peyğəmbərin gəmisi Naxçıvan ərazisindəki İlandağa toxunmuş, Qapıcıq zirvəsinə yaxın dağ ətəyində lövbər salmışdır. Həmin yerin Gəmiqaya adlandırılması, bu ərazidə Nəbi yurdu adlanan yaylaq yerinin və yaxınlıqda Nuhdaban adlanan qədim yaşayış məskəninin mövcud olması əfsanədə öz əksini tapan mətləblərin gerçəkliyə uyğunluğunu ehtimal etməyə əsas verir. Həzrəti Nuh peyğəmbərlə bağlı  rəvayətlərdə hətta onun özünün və bacısının məzarlarının Naxçıvan şəhərində olması barədə məlumatlar öz əksini tapmışdır. Nuhun türbəsinin Naxçıvanda olması haqqında I.Şopen, Dyubua-de Monpere, K.A.Nikitin, V.M.Sısoyev və digər tədqiqatçılar məlumat vermişlər.  

XIX əsrin 80-ci illərində Naxçıvan şəhərində yaşayıb pedoqoji fəaliyyətlə məşğul olmuş rus maarifçisi K.A.Nikitin yerli əhalinin köməyi ilə Nuh peyğəmbərin bu qədim diyarla əlaqəsinə dair rəvayətləri toplayıb yazıya almış və onun buradakı məzarının yerini müəyyənləşdirmişdir. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun «Nuh peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü türbəsinin bərpa edilməsi haqqında» 2006-cı il 28 iyun tarixli Sərəncamı əsasında 2007-2008-ci illərdə qədim abidə tarixi mənbələr nəzərə alınmaqla yenidən bərpa olunmuş, ərazidə geniş abadlıq və yenidənqurma işləri aparılmışdır.

 

Möminə Xatın Türbəsi

1186-cı ildə Əcəmi Naxçıvani tərəfindən Azərbaycan Atabəylər dövlətinin banisi Şəmsəddin Eldənizin xanımı Möminə xatının şərəfinə ucaldılmış türbə Naxçıvan şəhərində yerləşir. Azərbaycan milli memarlığının möhtəşəm abidələrindən biri olan Möminə xatın türbəsi eyni zamanda ümumşərq memarlığının da nadir nümunələrindən biri hesab olunur. Ümumi hündürlüyü 34 m olan türbə yeraltı (sərdabə) və yerüstü hissələrdən ibarətdir.mominexatun Sərdabə hissəsi planda 10 bucaqlıdır. Bəzi tədqiqatçılara görə, sərdabədə Atabəylər dövlətinin qurucusu Şəmsəddin Eldəniz, onun xanımı Möminə xatın və oğlu Məhəmməd Cahan Pəhləvan dəfn olunmuşdur. Sərdabə orijinal quruluşlu olub, bədii baxımdan zəngin tərtibata malikdir. Mərkəzdə yerləşmiş sütundan onbucaqlının hər küncünə doğru bir tağ salınmışdır. Türbə sərdabəsindəki bu quruluş sonralar Qərbdə qotika memarlığında tətbiq edilmişdir. Türbənin yerüstü hissəsi xaricdən 10 güşəli (bütün tərəfləri kufi kitabələrlə haşiyələnmişdir), daxildən isə dairəvidir. Türbə günbəzinin daxilində xəlifələrin adı yazılmış dörd dairəvi medalyon var. Abidənin baştağında kufi xətti ilə bu sözlər yazılmışdır: "Biz gedirik, ancaq qalır ruzigar. Biz ölürük, əsər qalır yadigar". Türbə əvvəlki dövrlərə nisbətən mürəkkəb quruluşlu həndəsi ornamentlərlə kompozisiyaya daxil edilmiş firuzəyi kaşılarla daha da zənginləşdirilmişdir. Kompozisiyaya, yetkinliyə, ayrıntılarının incə, zərif işlənməsinə və memarlıq həllinə görə türbə orta əsrlər memarlıq sənətinin şah əsərlərindən sayılır. Əfsuslar olsun ki, Möminə xatın türbəsinin yanındakı monumental tikililər, möhtəşəm Came məsidi, məktəblər, mədrəsələr və s. dövrümüzə qədər gəlib çatmamışdır.

 

Xan Sarayı 

Naxçıvan şəhərində XVIII əsrə aid tarixi-memarlıq abidəsi. Şərq memarlıq üslubunda tikilmiş abidə XX əsrin əvvəllərinə qədər Naxçıvan xanlarının yaşayış evi xan-sarayiolmuşdur. Sarayı XVIII əsrin sonunda axırıncı Naxçıvan xanı Ehsan xanın atası Kəlbəli xan Kəngərli tikdirmişdir. Xan Sarayı 3600 m2 sahəsi olan saray kompleksinin qərbində, xan dikinin relyefinə uyğun olaraq üzü günçıxana tərəf inşa edilmişdir. Xan Sarayı kompleksində 42x8 m ölçüdə yardımçı bina, yeni inşa olunmuş hovuz, su quyusu, yaşıllıq zolaqları, bəzək və meyvə ağacları var. Bina iki mərtəbəlidir. Vaxtilə saray iki ayrı-ayrı bölmədən ibarət olub. Cənub bölmə inzibati işlər və yüksək mənsəbli qonaqların qəbulu, şimal bölmə isə xan ailəsinin yaşayışı üçün nəzərdə tutulub. Bölmələrə giriş ikimərtəbəli, balkon tipli çatma tağlı dəhlizlərdən olub. Bölmələr arasında daxili keçid yaradılıb. Dəhlizlər əsas fasaddan qabağa çıxarıldığı üçün binaya xüsusi gözəllik verir. Dəhlizlərə qırmızı qum daşı ilə döşənmiş pilləkənlərlə qalxılır. Pilləkənlərin ətrafı kərpiclə hörülüb və ağac məhəccərlərlə bərkidilib. Xan Sarayının ümumi sahəsi 382 m2, divarlarının qalınlığı 60 sm-dən 1,1 m arasında dəyişir. Bina 20x20x5 sm ölçüdə bişmiş kərpiclə tikilmişdir. Pəncərələrdə şəbəkə üslubundan və bütün otaqlarda Naxçıvan yaşayış evlərinə xas olan müxtəlif ölçülü taxçalardan istifadə olunmuşdur. 1 mərtəbədə 3 otaq, 2 mərtəbədə 8 otaq (2 zal) və otaq kimi istifadə olunan vestübüllərin üzərində 2 mansar yerləşir. Hər iki mansardan dəhlizlərin üstündəki açıq balkonlara çıxış var. Mansarlara vestübüllərdən açılmış kərpic pilləkənlərlə qalxılır. Xan Sarayının cənub zalı daha dəbdəbəlidir. Qonaq qəbulu üçün nəzərdə tutulmuş zalın qərbində döşəmədən 40 sm hündürlükdə səhnə tipli taxt yaradılmışdır. Taxtlı güşənin açılan pəncərələri yerdən tavana qədər şəbəkələrlə, tavanı isə kiçik güzgü parçaları ilə nəfis bəzədilmişdir. Zalın digər divarları taxçalar, nəbati və süjetli rəsmlərlə işlənmişdir. Sonralar aparılan çoxsaylı təmir və bərpa işləri zamanı rəsmlər pozulmuş və ya üzəriləri suvaqla örtülmüşdür. Zalın əzamətini cənub divardakı, ətrafı həndəsi formalar və güzgü parçaları ilə bəzədilmiş buxarı daha da artırır. Bina divarlara yerləşdirilmiş iki buxarı vasitəsilə isidilirmiş. Xan Sarayı 1998-ci ilin aprelindən fəaliyyət göstərir. 

  

Gəmiqaya Rəsimləri

Kiçik Qafqazın ən yüksək zirvəsi olan Qapıcıq dağı (3904 m) xalq arasında zahiri oxşarlığa əsasən Gəmiqaya adlandırılmışdır. Qədim dünyanın müqəddəs panteonlarından sayılan Gəmiqaya özünün əzəmətli, fantastik görüntüsü ilə insanı heyrətə gətirir. Burada e.ə. III-I minilliklərə aid qayaüstü rəsmlər - piktoqramlar mövcuddur. Qayaüstü rəsmlərin həkk olunduğu Qaranquş yaylağında qədim Azərbaycan (Naxçıvan) tayfalarının yurd yerlərinin qalıqları aşkara çıxarılmış, Alp çəmənlikləri ilə zəngin Gəmiqaya-Qaranquş yaylağının qədim naxçıvanlıların əsas ov məskənlərindən biri olduğu müəyyənləşdirilmişdir. Sonralar isə buralar Araz sahilində, eləcə də Naxçıvançay, Əlincəçay, Gilançay vadilərində yaşamış tayfaların yaylaq yerləri olmuşdur. Elə həmin dövrlərdən buradakı qayalar üzərində insan və müxtəlif heyvan (keçi, maral, öküz, it, bəbir, canavar, quş və s.) rəsmləri, yay-oxla keçi ovlanması səhnəsi, ayrı-ayrı işarələr və s. təsvirlər həkk edilmişdir. Heyvan rəsmləri bir qayda olaraq, tək-tək, qoşa və sürü halında təsvir olunmuşdur. Onların çoxu keçi rəsmləridir. Gəmiqaya rəsmləri kompozisiyalarının sadə və mürəkkəbliyinə, eləcə də, süjetlərinə görə bir-birindən seçilir. Öküz rəsmləri realist üslubda, buynuzları uzun və qövsvari əyilmiş şəkildədir. Öküz qoşulmuş araba təsvirləri də vardır. İnsan rəsmləri tək halda və kompozisiyalı səhnələrdə verilmişdir. Bəzi insan rəsmləri zoomorfik əlamətlərlə fantastik şəkildə təsvir edilmişdir. Aşkar olunmuş rəsmlər arasında ovçuların ox və kamanla, kəməndlə və s. ilə silahlandığı ov səhnələri, rəqs səhnələri diqqəti cəlb edir. Gəmiqayada çox maraqlı piktoqrafik səciyyəli rəmzi işarələr - dairələr, dördbucaqlı, üçbucaqlı, çərxifələk nişanı və s. həkk olunmuşdur. Bu cür işarələr naxçıvanda I Kültəpə e.ə. II minilliyə aid orta tunc dövrü təbəqəsindən əldə edilmiş gil lövhə üzərində, boyalı qablar üzərində də cızılmışdır. 

   Gəmiqaya petroqliflərinin analoji abidələrlə müqayisəli təhlili Azərbaycanın qədim əhalisinin mənəvi mədəniyyəti və incəsənəti haqqında elmi nəticələr söyləməyə imkan verir və onların qədim Azərbaycan təsviri sənətinin Naxçıvan mədəniyyətinə aid olduğu göstərilir.

 

Əlincəqala

Əlincəqala özünəməxsus təbiəti olan bu yerlərin əzəmətinin, mübarizliyinin rəmzidir. Qala, hər şeydən əvvəl özünün qeyri-adi görünüşü ilə insanı heyrətə gətitir. Qala divarları Əlincə dağının ətəklərindən başlayaraq pillələr şəklində yuxarıya doğru ucalır və onun zirvəsini tamamilə əhatə edir. İspan diplomatı, Kastiliya kralı IIIelince_qala Enrikonun 1403-1406 illərdə Teymurilər dövlətindəki səfiri Rüi Qonsales Klavixo Əlincəqalanı belə təsvir etmişdir: "Əlincəqala yüksək və sıldırım bir dağ üzərində qərar tutaraq divar və bürclərlə əhatə olunmuşdur. Divarların daxilində, dağ yamaclarının aşağı tərəflərində üzümlüklər, bağlar, zəmilər, otlaqlar, bulaqlar və hovuzlar vardır. Qəsr və ya qala dağın zirvəsində yerləşir".

Qalanın tikilmə tarixi haqqında müxtəlif fikirlər mövcuddur. Bəzi tarixçilər onu təqribən 2 min il bundan əvvələ aid edirlər. "Kitabi Dədə Qorqud" dastanında da Əlincə möhkəm istehkam kimi təsvir olunur. Qala haqqında tarixçilərdən Asoğik (928-1019), Nəsəvi (XIII əsr), Şərafəddin Əli Yəzdi (XV əsr), türk səyyahı Övliya Çələbi (XVII əsr) və başqalarının əsərlərində məlumat verilmişdir.

Əlincə qalası dövrün qüdrətli hökmdarlarına göstərilən müqavimət hərakatının mərkəzi olmuşdur. Xüsusilə 1386-1401-ci illərdə Əmir Teymura qarşı göstərilən müqavimət məhşurdur. Teymur 14 il qalanı mühasirədə saxlatmış, yalnız qala daxilində baş vermiş konfliktdən istifadə edərək ələ keçirə bilmişdir. Bu gün Naxçıvanda Əlincəqala mübarizlik və qəhrəmanlıq simvolu olaraq qəbul edilir.

 

Yusif Küseyir oğlu türbəsi

yuifkuseyr_turbNaxçıvan şəhərində yerləşən memarlıq abidəsi xalq arasında Atababa türbəsi də adlanır. Türbənin üzərindəki kitabədə onun 1162-ci ildə memar Əcəmi Naxçıvani tərəfindən tikildiyi və orada dəfn olunmuş şəxsin Yusif Küseyir oğlu olduğu göstərilmişdir. Abidənin gövdəsindəki frizdə kufi xətlə Qurani-Kərimdən ayələr yazılmışdır. Türbə yeraltı hissədən və səkkizbucaqlı yerüstü gövdədən ibarətdir. Yeraltı hissə türbənin sərdabəsi, yerüstü hissə isə xatirə abidəsi olub, monumental xarakterlidir. Səkkizüzlü türbənin çıxıntılı dayaqlar şəklində olan tilləri sadə hörgülü kərpicdən tikilmişdir. Binanın qəfəsəsini təşkil edən bu qurğuların arasındakı sahələr (türbənin səthləri) həndəsi ornamentli tavalarla üzlənmiş, ayrı-ayrı səthlər müstəqil motivli naxışlarla işlənmişdir. Ornamentlər kiçik kərpiclərdən quraşdırılmış, gəc məhlulu ilə tava şəklində birləşdirilərək səthlərə bərkidilmişdir. Türbənin qərbə baxan səthi digər səthlərdən fərqli olaraq, giriş baştağı şəklində tərtib edilmişdir. Ornament bəzəkləri tikilinin memarlıq formaları ilə həmahəngdir. Abidənin ikiqat örtüyünün daxili günbəzi isə piramida şəklindədir. Sərdabə ilə yerüstü hissə arasındakı günbəz də çatma tağlıdır. Kompozisiyasına, tektonik aydınlığına, hissələrinin mütanasibliyinə, mühəndis quruluşunun səviyyəsinə görə türbə yüksək bədii memarlıq nümunəsidir.

  

Naxçıvan Came Məscidi

Naxçıvan şəhərində memarlıq abidəsi. Memarlıq-konstruktiv quruluşuna görə məscid XVIII əsrə aid edilir. Giriş qapısının baş tərəfin kitabə qoyulmuşdur. Əvvəli dini mətndən ibarət olan gözəl nəstəliq xətti ilə ərəb və fars dillərində mərmər lövhə (87x57 sm) üzərində həkk came-mescidiedilmiş kitabədə deyilir ki, bu Cəfəriyyə məscidi 1311-ci ildə (1894) naxçıvanlı mərhum Hacı Novruzun oğlu Xeyrül-Hacı Məhəmməd Cəfər ağanın səyi ilə bərpa edilmişdir. Həmçinin, kitabədə Hacı Məhəmməd Cəfər ağanın məscidin məsrəflərini ödəməkdən və mücavirlərdən ötrü çay yuxarısında 2 dükan ayırdığı da qeyd olunmuşdur. "Çay yuxarısında"-deyərkən vaxtilə şimal-şərqdən axaraq, cənub-qərbdə Araza qovuşan və Naxçıvan şəhərinin ortasından keçən Bazar çayı nəzərdə tutulur. Bu çay 20-ci yüzilliyin 60-cı illərinədək Naxçıvan şəhərinin içərisindən axırdı. 60-cı illərdə çayın üstü beton plitələrlə örtüldü və görünməz oldu. Kitabədə məscidin memarı özünü "əgər məndən sonra məscidin memarını axtarsalar, səkkizinci imamdan sonrakı adla adlanıram"-deyə təqdim etmişdir. Məlumdur ki, şiələrin səkkizinci imamı Rza, doqquzuncu imamı isə Məhəmməd Təqidir. Deməli məscidin memarının adı Məhəmməd Təqi imiş. Kitabə vasitəsilə başqa mənbələrdən məlum olmayan iki görkəmli sənətkarın adı elmi dövriyəyə daxil edilmişdir. Onlardan biri məscidin memarı Məhəmməd Təqi (həmçinin, o, kitabənin mətnini mərmər lövhə üzərində yazmışdır), ikincisi isə kitabəni həkk edən Məhəmməd Salehdir. Məscidin ümumi sah. təqr. 1000 m2-dir. Bir minarəlidir. 1918-ci ildə ermənilər Naxçıvanda yerli əhaliyə qarşı soyqırım tətbiq edərkən top atəşi ilə minarəni zədələmişlər. Sonralar minarə bərpa olunmuşdur. Sovet hakimiyyəti illərində Naxçıvan şəhərində, ümumiyyətlə muxtar respublikada fəaliyyət göstərən yeganə məscid olmuşdur. 2007-2008-ci illərdə məsciddə əsaslı bərpa və yenidənqurma işləri aparılmışdır.

 

Gülüstan türbəsi

Culfa rayonunun Gülüstan kəndi yaxınlığında yerləşən türbə XIII əsrin əvvəllərində inşa edilmişdir.gulustan-turb Azərbaycanın qülləvari türbələri qrupuna daxil olan türbənin 12 üzlü gövdəsi qırmızı qumdaşdan, orijinal quruluşlu kürsülüyü (küncləri kəsilmiş kub formasındadır) isə yonulmuş daşdan tikilmişdir. Azərbaycanın digər türbələrindən fərqli olaraq, Gülüstan türbəsinin sərdabəsi yerüstü hissədə (kürsülüyündə) yerləşir. Türbənin səthləri oyma həndəsi ornamentlərlə bəzədilmiş, dekorativ tağlarla çərçivələnmişdir. Gövdənin oturacaqla birləşən hissəsi, eləcə də günbəzə keçid yeri staliktit şəkilli oyma qurşaqla əhatə olunmuşdur. Ornamentlərlə digər bəzək elementlərinin üzvi surətdə birləşdirilməsi və əlaqələndirilməsi abidəyə qabarıq və elastik görkəm verir.

 

Qarabağlar Türbəsi

Kəngərli rayonunun Qarabağlar kəndində yerləşən memarlıq kompleksinə daxildir. Türbədən başqa burada qoşa minarə və onların arasında yerləşən dini bina qalıqları var. Qoşa minarənin XII əsrin sonu - XIII əsrin əvvəllərində tikildiyi ehtimal olunur. Minarələri bir-birinə bağlayan baştağ isə XIV əsrə aiddir. Baştağın üzərində Elxani hökmdarı Hülaki xanın arvadı Quti xatunun adı yazıldığından, onun Quti xatunun şərəfinə tikildiyi güman edilir.

Qarabaglar_turbesiSərdabə və yerüstü hissədən ibarət Qarabağlar türbəsində qüllvari türbələrin əsas xüsusiyyətləri əks olunmuşdur. Daş kürsülük üzərində dəstə şəklində birləşən 12 yarımsilindirik çıxıntı türbənin yerüstü kompozisiyasını əmələ gətirir. Çıxıntılar divarın ümumi həcmini azaltmaqla yanaşı, türbəyə qala əzəməti verir.

Qarabağlar türbəsinin 12 bucaqlı yeraltı sərdabəsinin divarları daşdan, günbəzləri isə kərpicdən hörülmüşdür. Səthi qirmızı və firuzəyi kaşılı kərpiclə örtülmüş, həndəsi ornamenti xatırladan kitabələrlə bəzədilmişdir. Türbənin yuxarısındakı kitabə qurşağı nəsx xətti ilə işlənmişdir. Yerliyi göy kaşıdan olan kitabə ağ hərflərlə yazılmışdır. Qarabağlar türbəsinin kompozisiya xüsusiyyəti 4 baştağlı olmasıdır. Bu baştağlar şimal, cənub, qərb və şərq istiqamətlərində yerləşərək türbəyə 4 fasadlı görkəm verir. Baştağların səthi kaşı ilə örtülmüş, həndəsi və nəbati naxışlarla bəzədilmişdir.

 

İmamzadə Kompleksi 

Naxçıvan şəhərinin cənub-şərq hissəsində memarlıq abidəsi. XVI-XVIII əsrlərdə formalaşmışdır. 3 binadan ibarətdir. Kompleksin özəyini planda kvadrat imamzadeşəkilli, xarici görünüşünü isə kubik formalı qülləvari türbələrdən gələn dairəvi gövdənin qovuşduğu kompozisiya-türbə təşkil edir (bax İmamzadə türbəsi). Türbəyə bitişən, nisbətən böyük həcmə malik və qərbdən giriş qapısı olan bina kompleksin mərkəz hissəsini təşkil edir. Keçən yüzilliyin 20-ci illərində Naxçıvanda olan rus alimi V.M.Sısoyevin yazdığına görə kompleksin bu hissəsi Naxçıvan xanlarının məqbərəsi hesab edilirmiş. Alimin şəhadətinə görə burada Abbasqulu xanın hicri 1337-ci ildə (1918) vəfat etmiş oğlu Mustafaqulu xan Naxçıvanskinin qəbri varmış. Ancaq bu və orada olan digər qəbirlər zaman keçdikcə dağılmış və məhv olmuşlar. Kompleksdən azca aralı şimal tərəfdə başqa bir türbə vardır. Bişmiş kərpicdən inşa edilən bu türbə aşağıdan kvadratşəkilli götürülərək yuxarıda çoxbucaqlı şəkildə inşa olunmuş, üstü günbəzlə örtülmüşdür. Kompleksə daxil olan başqa tikililərlə müqayisədə bu türbə yaxşı vəziyyətdə qalmışdır. Ancaq onun içərisində heç bir qəbir və xatirə kitabəsi qalmadığından təyinatı aydınlaşdırılmamışdır. İmamzadə kompleksinə daxil olan binalar bir-biri ilə uyarlıqda olub, bitkin memarlıq ansanblı yaratmışdır. Kompleksin ətrafında orta əsrlərə aid qəbiristanlıq olmuşdur. Zaman keçdikcə buradakı qəbirlərin bir hissəsi dağılmış, bir hissəsi isə indiyədək qalmaqdadır. Orada torpağın altından aşkar edilmiş 16 əsrə aid məzar kitabələri tədqiq edilmişdir. Burada bişmiş kərpicdən hörülmüş tağvarı sərdabələrə təsadüf olunmuşdur. Zaman keçdikcə nekropolun yeri dəyişmiş və abidənin yaxınlığındakı təpəyə keçmişdir. Orta əsrlərdə ərazidə fəaliyyət göstərən bəzi sufi təriqətlərinin üzvləri kompleksdən bir müddət özlərinin yaşayış, ibadət və zikr yeri-xanəgah kimi istifadə etmişlər. Ümumiyyətlə, bu cür komplekslərin səciyyəvi xüsusiyyəti əvvəllər mövcud olmuş dəfn tikililərinin təmir, bərpa və yenidənqurma yolu ilə abadlaşdırılmasından və bərpa olunmuş məqbərəyə bitişik məscid, təkyə və digər xidmət otaqları tikilməsi yolu ilə dini kompleksin yaranmasından ibarətdir. Ərazimizdə XVII-XVIII əsrlərdə fəaliyyət göstərən sufi təriqətləri mənsubları mövcud imamzadələrdən yaşayış, ibadət və zikr yeri kimi istifadə etdiklərindən həmin dövrlərdə bölgədə xanəgahlar inşa edilməmişdir. Memarlıq kompleksi 2004-cü ildə əsaslı şəkildə təmir olunaraq yenidən bərpa edilmişdir.

 

Zaviyə-Mədrəsə Binası 

Naxçıvan şəhəri Heydər Əliyev prospekti və Təbriz küçəsinin kəsişdiyi yerdə, Zaviyə məhəlləsində tarixi-memarlıq abidəsi. Ərəbcə guşə, künc, bucaq mənasını verən zaviyə sufi təriqətlərinə mənsub məskənlərin adlarından biridir. Xanəgahlar kimi zaviyələrdə də ayrı-ayrı təriqətlərə mənsub dərvişlər yaşamış və ətraflarına müridlər toplayaraq öz ideyalarını yaymışlar. Islam dininin yarandığı ilk yüzilliklərdə xristian rahiblərinin hücrələrini, kiçik müsəlman məscidlərini və ya ibadətxanalarını da zaviyə adlandırırdılar. Məğrib ölkələrində zaviyə məsciddən, məktəbdən, övliya məqbərəsindən, mehmanxanadan ibarət dini binalar kompleksi kimi fəaliyyət göstərirdi. Sonralar şimali Afrika övliyaları öz şagirdləri və ardıcılları ilə birlikdə yaşadıqları binaları da zaviyə və ya ribat adlandırmağa başladılar. Ümumiyyətlə, orta əsrlər zamanı zaviyə sufi qardaşlıqları ardıcıllarının məskənlərinin adlarından biri olmuşdur. Onlar həm də ayin və mədəni-maarif mərkəzləri sayılırdı. Orta əsrlərdə Naxçıvanda mövcud olan bəzi təriqət tərəfdarları məscidlərə getmir, özləri üçün ayrıca təkyələr, zaviyələr tikir, orada yaşayır və zikrlə məşğul olurdular. Hürufi təriqətçiləri belə zikr yerlərini xanəgah, bəktaşi və nəqşibəndilər isə zaviyə adlandırırdılar. Naxçıvan memarlıq məktəbinə aid edilən məscidin zahiri memarlıq siması, plan quruluşu və özünəməxsus kompozisiyası onun XVII-XVIII əsrlərin zəngin inşaat ənənələrinin məhsulu olduğunu göstərir. XVII-XVIII əsrlərdə Azərbaycan memarlığında əvvəlki dövrün ənənələri ilə yanaşı yeni tikinti meylləri də özünü göstərirdi. İnşaat tiplərindəki bu dəyişiklik əsasən dini tələbatın daha geniş şəkildə ödənilməsi ilə əlaqədar idi. Zaviyə mədrəsənin binası ilk baxışdan düzbucaqlı formada görünsə də mürəkkəb memarlıq quruluşuna malikdir. Bina yerdən 1 m hündürlükdəki kürsülük üzərində yerləşdirilmişdir. Ümumi sahəsi 212 m2-dir, divarların qalınlığı 0,9 - 1,5 m arasında dəyişir. Əsas qalınlıq 90 sm-dir. Bişmiş kərpic və əhəng məhlulu ilə inşa edilmişdir. Kərpiclər iki ölçüdədir. 20 x 20 x 5 sm olan sarı rəngli kərpiclərdən binanın əsas tikintisində istifadə olunmuşdur. XIX əsrin 2-ci yarısında məscidin əsaslı təmiri zamanı 26 x 13 x 5 sm-lik qırmızı rəngli kərpiclərdən daha çox istifadə edilmişdir. XX əsrdə binadan klub, pionerlər evi, dini idarə və s. məqsədlər üçün istifadə olunmuşdur. 2007-ci ilədək Naxçıvan Muxtar Respublikası Qadınlar Məclisi burada yerləşmişdir. 2008-ci ildə əsaslı təmir və bərpa olunmuşdur. Hazırda bina Naxçıvan Turizm İnformasiya Mərkəzi kimi fəaliyyət göstərir.

 

                                          Sanatoriya tipli şəfa ocaqları

 

     Duzdağ Fizioterapiya Mərkəzi

Fizioterapiya mərkəzi 1979-cu ildə Kəngərli rayonunun Böyükdüz kəndi yaxınlığında qədim duz mədənlərinin bazası əsasında təşkil olunmuşdur. Burada bronxial duzdaqfizioterapiya1astma (tənəffüs yollarının xəstəlikləri) və ağ ciyər bronx sisteminin digər qeyri-spesifik xəstəlikləri müalicə olunur. Yer altındakı müalicə mərkəzində havanın temperaturu 19-20 dərəcə, nisbi rütubət isə 23-35 faiz arasında dəyişir. Dəniz səviyyəsindən 1173 metr hündürlükdə yerləşən Yeraltı Duzdağ Fizioterapiya Xəstəxanasının duz layları arasında oksigen 20 faiz təşkil edir. Həmçinin, duzun tərkibindəki zəngin minerallar və kimyəvi elementlər də orqanizmə müsbət təsir göstərir. 2003-cü ildə xəstəxananın yeraltı şöbəsində ən müasir tələblərə uyğun olaraq yenidənqurma işləri aparılmış, yeraltı şöbə genişləndirilmiş, müasir avadanlıqlarla və ləvazimatlarla təmin olunmuşdur. 2008-ci ilin iyununda duz dağlarının qoynunda öz müasirliyi ilə seçilən 5 ulduzlu otel fəaliyyətə başlamışdır. Oteldə qonaqların səmərəli istirahəti üçün hər cür şərait yaradılmışdır.

 

   Darıdağ Balneoloji Müalicəxanası

daridaq1978-ci ildə Culfa şəhərinin yaxınlığında, Darıdağ mineral su yatağı əsasında yaradılmışdır. Darıdağ mineral suyu ilə müxtəlif ürək-damar sistemi xəstəlikləri, dayaq-hərəkət orqanları, periferik əsəb sistemi, dəri, ginekoloji və s. xəstəliklər, daxilə qəbul etməklə anemiya müalicə olunur.

 

 

   

    Badamlı Fizioterapiya Xəstəxanası

Şahbuz rayonu ərazisində, dəniz səviyyəsindən 1274 m hündürlükdə yerləşən Badamlı mineral su yatağı əsasında 1980-ci ildə təşkil olunmuşdur. Xəstəxanada mədə-bağırsaq, sidik yolları və qara ciyərin bəzi xəstəlikləri müalicə olunur.

 

     Batabat iqlim kurort zonası

Batabat kiçik Qafqazın yamaclarında, dəniz səviyyəsindən 1.700 metr yüksəklikdə yerləşən müalicə əhəmiyyətli iqlim kurort zonasıdır.batabatİqlim subtropikdir, qarlı, mülayim qışı, quru, çox da isti olmayan yayı vardır. İqlim şəraitilə yanaşı (aerihelioterapiya əsas vasitəsi) karbonatlı, hidrokarbonatlı, kalsium-natrium-maqnezium, minerallaşma dərəcəsi 0,5 q/l olan su mənbələri vardır. Batabat suyu mədə-bağırsaq xəstəliklərinin müalicəsi zamanı içilir. Mülayim iqlimi, şirin suyu olan göl mənzərəli görkəmi və alp çəmənliklərinə məxsus zəngin bitki aləmi insan orqanizminə xoş təsir göstərir.

 

     Gömür istirahət zonası

Yüksək dağüstü iqlim stansiyası olan Gömür Naxçıvan şəhərinin 75 kilometrliyində dəniz səviyyəsindən 1.700 metr yüksəklikdə yerləşir. Burada karbonatlı, duz-qələvi tərkibli olduqca zəngin mineral su yataqları aşkar edilmişdir. Bu yerin iqlimi mülayim-soyuqdur, qışı yumşaq, yayı sərin keçir. Gömür istirahət zonası sinir sisteminin funksional xəstəlikləri, yorğunluq, mədə-bağırsaq və tənəffüs yolları xəstəliklərinin müalicəsi üçün xüsusilə əlverişlidir.