Rəsmi veb sayt: dmfa.nakhchivan.az

AZƏRBAYCAN RESPUBLİKASI

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

NAXÇIVAN

MUXTAR RESPUBLİKASI

 

 

 

 

 

 

 

 

 

  

 

 

NAZİRLİK

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

DİPLOMATİK

NÜMAYƏNDƏLİKLƏR

 

 

 

 

 

 

 

 

 

 

 

 

QANUNVERİCİLİK

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Hörmətli səhifə istifadəçiləri,

 

Sizi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin rəsmi internet səhifəsində salamlayır, Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası, onun hər il daha da artan xarici əlaqələri və İdarəmizin bu əlaqələrdəki rolu haqqında məlumat vermək istərdim. Ümid edirəm ki, səhifəyə baş çəkən hər kəs özünə lazım olan informasiyanı asanlıqla əldə edə biləcəkdir.  

Naxçıvan qədim, orta əsrlər və müasir dövr milli mədəniyyət nümunələri və tarixi abidələri, ilk insan düşərgələri, erkən şəhər mədəniyyəti, möhtəşəm qala divarları, qayaüstü rəsmlər, daş qoç heykəlləri, xatirə memarlığının mükəmməl nümunələri olan türbələrlə zəngin Vətən torpağıdır. Bu ərazidə həmçinin Ovçular təpəsi və Qazma mağarası kimi qədim yaşayış yerləri, Əshabi-Kəhf və Gəmiqaya kimi möhtəşəm mədəniyyət nümunələri və beş min il bundan əvvələ aid edilən şəhərsalma mədəniyyəti yaradılmışdır.

Bu ərazidə təkcə zəngin mədəni dəyərlərin yox, eyni zamanda böyük dövlətçilik ənənələrinin də əsası qoyulmuş, onuncu əsrdə “Naxçıvan şahlığı”, on ikinci əsrdə isə Atabəylər dövləti yaranmışdır. On səkkizinci əsrdə Azərbaycan ərazisində yaranmış  xanlıqlardan biri olan Naxçıvan xanlığı inzibati idarəçiliyin formalaşmasına mühüm töhfələr vermişdir. İyirminci əsrin əvvəllərində bir milyondan çox əhaliyə malik olan Araz-Türk Respublikası Naxçıvanın müdafiə qabiliyyətinin möhkəmlənməsində və tarixi ərazisinin erməni işğalından qorunmasında taleyüklü xidmətlər göstərmişdir.

Naxçıvan ərazisinin işğaldan qorunmasında ən böyük nailiyyət şübhəsiz ki, onun muxtariyyət statusu əldə etməsi olmuşdur. Dünyada geniş yayılmış təcrübələrdən fərqli olaraq, Naxçıvan Muxtar Respublikası milli mənsubiyyətə görə yox, 1918-1924-cü illərdə cərəyan edən daxili və xarici amillərin təsiri altında yaranmışdır. Belə ki, 1920-ci il dekabrın 2-də Sovet Rusiyası və Ermənistan SSR arasında bağlanmış hərbi-siyasi sazişə görə qədim Azərbaycan torpağı olan Zəngəzurun Ermənistana verilməsi Naxçıvanın muxtariyyət məsələsinin həllini zərurətə çevirmişdir. Bu zərurət, ilk növbədə, Azərbaycana məxsus ərazinin qorunmasının vacibliyindən irəli gəlirdi. Zəngəzur Ermənistana veriləndən sonra Naxçıvan Azərbaycanın digər ərazilərindən təcrid olunmuş və burada gərgin vəziyyət yaranmışdı. Azərbaycan Xalq Cümhuriyyətinin düşdüyü çətin vəziyyətdən istifadə edən böyük dövlətlər İrəvan və Zəngəzur kimi Naxçıvanı da ermənilərə güzəştə getmək, Türkiyə ilə Azərbaycan arasında əlaqəni kəsmək istəyirdilər. Erməni silahlı dəstələri ərazini azərbaycanlılardan təmizləmək üçün ən qəddar vasitələrə əl atır, soyqırım törədir, torpaqların boşaldılmasına çalışırdılar. Bütün bunlara baxmayaraq, nə böyük dövlətlərin təzyiqi, nə də erməni hərbi müdaxiləsi naxçıvanlıların iradəsini sındıra bilməmişdir. Naxçıvanlıların inadlı mübarizəsinin nəticəsi olaraq, 1921-ci ilin yanvar ayında keçirilmiş referendumda əhali Azərbaycanın tərkibində qalmaq arzusunu qətiyyətlə bəyan etmişdir. 1921-ci ildə Naxçıvanın muxtar respublika statusunda Azərbaycanın tərkibində qalmasını şərtləndirən Moskva və Qars müqavilələri imzalanmış və bu sənədlər əsasında 1924-cü il fevralın 9-da Naxçıvan Muxtar Respublikası təşkil olunmuşdur.

Əfsuslar olsun ki, XX əsrin sonlarında dünyada və regionda gedən gərgin tarixi-siyasi proseslər nəticəsində Naxçıvan Muxtar Respublikası yenidən dünyanın qaynar nöqtələrindən birinə çevrilmişdir. Sovet İttifaqının son dövrlərində yaranmış siyasi vəziyyətdən məharətlə istifadə edən ermənilər əsrin əvvəllərində reallaşdıra bilmədikləri işğal planını yenidən həyata keçirməyə çalışmış, Azərbaycan Respublikası bir daha erməni terrorizmi ilə üzləşmiş,  Qarabağ və Naxçıvana yenidən silahlı hücumlar başlanmışdır.

Ermənistanın apardığı təcavüzkar siyasət nəticəsində vaxtilə ümumittifaq şəbəkəsinə daxil olan, Naxçıvanı Azərbaycanın digər əraziləri ilə birləşdirən dəmiryol xətti və avtomobil yolu bağlanmış, Naxçıvan Azərbaycandan təcrid edilərək blokadaya məhkum edilmişdir. Belə bir çətin şəraitdə böyük mərdlik və fədakarlıq nümayiş etdirən naxçıvanlılar Ulu Öndər Heydər Əliyevin ətrafında sıx birləşərək müdafiə olunmuş, Azərbaycanın bu qədim diyarı erməni işğalından xilas edilmiş və onun muxtariyyət statusu qorunub saxlanılmışdır. 

Bu gün blokada şəraitindən qaynaqlanan məhdudiyyətlərə baxmayaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli siyasəti və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun uğurlu rəhbərliyi nəticəsində muxtar respublika sürətlə inkişaf edir və Azərbaycan Respublikasının vahid xarici siyasət xəttinə uyğun olaraq xarici əlaqələri genişlənir. Bu çərçivədə həyata keçirilən regional əməkdaşlığın inkişafı baxımından qonşu Türkiyə Respublikası və İran İslam Respublikasının yaxın vilayətləri ilə iqtisadi, ticarət, elmi-texniki və mədəni əlaqələr daima inkişaf etdirilir, bir çox dövlətin regionları ilə mövcud olan dostluq və əməkdaşlıq münasibətləri daha da möhkəmləndirilir, yeni əlaqələrin yaradılması istiqamətində səylər göstərilir. İdarəmiz bu əlaqələrdə öz səlahiyyətləri çərçivəsində iştirak edir və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin müvafiq vəzifə və funksiyalarının Naxçıvan Muxtar Respublikasında fasiləsiz və ardıcıl həyata keçirilməsini təmin edir.

Təqdim etdiyimiz internet səhifəsinin muxtar respublikamız və onun daima genişlənən xarici əlaqələri haqqında geniş məlumat mənbəyi olacağına ümid edir, müraciət edən hər kəs üçün faydalı olacağına inanıram.

 

 

Hörmətlə,

                             Əsgər İsmayılov

                                  İdarə rəisi,

         Birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi

 

    

  

  

        

 

Copyright 2008-2016 / Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respubliksındakı İdarəsi

 

 

Tərtibat və proqramlaşdırma: Nakhinternet.AZ

 

 

Linklər

Xəritələr