Rəsmi veb sayt: dmfa.nakhchivan.az

AZƏRBAYCAN RESPUBLİKASI

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

 

 

 

 

 

 

 

 

 

 

  

 

 

NAZİRLİK

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

DİPLOMATİK NÜMAYƏNDƏLİKLƏR

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

QANUNVERİCİLİK

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin

Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin yaradılması haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikasının vahid xarici siyasət xəttinin həyata keçirilmə-sini təmin etmək məqsədilə və Azərbaycan Respublikasının beynəlxalq münasibətlərində Naxçıvan Muxtar Respublikasının iqtisadi, ticarət, elmi-texniki və mədəni məsələlərlə əlaqədar iştirakını nəzərə alaraq qərara alıram:

1. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsi yaradılsın.

2.     "Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsi haqqında Əsasnamə" təsdiq edilsin (əlavə olunur).

3.     Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

3.1. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin fəaliyyətinin maliyyələşdirilməsi ilə əlaqədar 2005-ci il üçün dövlət büdcəsindən və 2006-cı il və növbəti illər üçün dövlət büdcəsi layihələrində vəsaitin ayrılmasını nəzərdə tutsun;

3.2. bu Fərmanın icrasını təmin etmək üçün digər məsələləri həll etsin.

4.     Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Fərmanın icrasını təmin etmək üçün zəruri olan məsələləri həll etsin.

5.     Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin inzibati bina ilə təmin edilməsi üçün zəruri olan tədbirləri görsün və bu Fərmanın icrasını təmin etmək üçün digər məsələləri həll etsin.

6.     Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 oktyabr 2005-ci il

                          N 307

 

Azərbaycan Respublikası Prezidentinin

2005-ci il 31 oktyabr tarixli 307 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

 

 

 

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar

Respublikasındakı İdarəsi haqqında

ƏSASNAMƏ

 

I.             ÜMUMİ MÜDDƏALAR

 

1.     Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsi (bundan sonra - İdarə) Azərbaycan Respublikasının həmsərhəd və digər dövlətlərlə və beynəlxalq təşkilatlarla iqtisadi, ticarət, elmi-texniki və mədəni münasibətlərinin genişlənməsini və Naxçıvan Muxtar Respublikasının bu münasibətlərdə iştirakını nəzərə alaraq, Azərbaycan Respublikasının vahid xarici siyasət xəttinin həyata keçirilməsini və bununla əlaqədar Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (bundan sonra - Nazirlik) müvafiq vəzifə və funksiyalarının Naxçıvan Muxtar Respublikasında fasiləsiz və ardıcıl həyata keçirilməsini təmin etmək məqsədilə yaradılmışdır.

2.     İdarə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, "Diplomatik xidmət haqqında" Azərbaycan Respublikasının Qanununu və Azərbaycan Respublikasının digər qanunlarını, Azərbaycan Respublikası Prezidentinin Fərman və sərəncamlarmı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnaməni, Nazirliyin normativ hüquqi aktlarını, habelə bu Əsasnaməni rəhbər tutur.

3.     İdarə Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanları, yerli icra hakimiyyəti orqanları, bələdiyyələri, habelə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən hüquqi şəxslərlə və yaşayan fiziki şəxslərlə, Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən xarici dövlətlərin konsulluqları, beynəlxalq təşkilatların nümayəndəlikləri (bundan sonra - xarici nümayəndəliklər) ilə qarşılıqlı əlaqədə fəaliyyətini həyata keçirir.

4.      Azərbaycan Respublikasının beynəlxalq münasibətlərində Naxçıvan Muxtar Respublikasının iqtisadi, ticarət, elmi-texniki və mədəni məsələlərlə əlaqədar Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hallarda, qaydada və səlahiyyətlər daxilində Naxçıvan Muxtar Respublikasının iştirakı Nazirlik ilə razılaşdırmaqla və əlaqələndirməklə, zəruri hallarda isə İdarənin və (və ya) Nazirliyin digər struktur bölməsinin iştirakı ilə həyata keçirilir.

5.      İdarənin yerləşdiyi binanın üzərində və onun ərazisində Azərbaycan Respublikasının qanunvericiliyinə müvafıq olaraq Azərbaycan Respublikasının Dövlət bayrağı qaldırılır, Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və Azərbaycan dilində "Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsi" yazısı olan lövhə vurulur.

6.  İdarə qanunvericiliyə müvafiq olaraq sərəncamında olan dövlət əmlakına, bank və xəzinə hesablarına, Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.

7.      İdarənin fəaliyyətinin maliyyələşdirilməsi dövlət büdcəsi hesabına həyata keçirilir.

8.      İdarə Naxçıvan şəhərində yerləşir.

 

II.           İDARƏNİN ƏSAS VƏZİFƏLƏRİ

 

9.     İdarənin əsas vəzifələri aşağıdakılardır:

9.1.  Azərbaycan Respublikasının vahid xarici siyasi xəttinin Naxçıvan Muxtar Respublikasında həyata keçirilməsini səlahiyyətləri daxilində təmin etmək;

9.2.  Azərbaycan Respublikasının vahid xarici siyasi xəttinin Azərbaycan Respublikasının beynəlxalq münasibətlərində Naxçıvan Muxtar Respublikasının iqtisadi, ticarət, elmi-texniki və mədəni məsələlərlə bağlı Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hallarda, qaydada və səlahiyyətlər daxilində iştirak etdikdə, həyata keçirilməsini təmin etmək və bu məqsədlə Naxçıvan Muxtar Respublikasının müvafiq dövlət orqanlarının fəaliyyətini istiqamətləndirmək, əlaqələndirmək və müvafiq münasibətlərdə bilavasitə iştirak etmək;

9.3.  Azərbaycan Respublikasının beynəlxalq münasibətlərində Naxçıvan Muxtar Respublikasının iqtisadi, ticarət, elmi-texniki və mədəni məsələlərlə bağlı xarici dövlətlər və beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişafına kömək göstərmək;

9.4.  Azərbaycan Respublikasının beynəlxalq münasibətlərində Naxçıvan Muxtar Respublikasının iqtisadi, ticarət, elmi-texniki və mədəni məsələlərlə əlaqədar Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hallarda, qaydada və səlahiyyətlər daxilində müvafıq saziş layihələrinin hazırlanmasında, danışıqların hazırlanmasında və (və ya) aparılmasında iştirak etmək və kömək göstərmək, bu zaman Azərbaycan Respublikasının mənafelərinə, habelə Azərbaycan Respublikasının qanunvericiliyinə və beynəlxalq hüquq normalarına riayət edilməsinə nəzarəti həyata keçirmək;

9.5.  Naxçıvan Muxtar Respublikasında yaşayan Azərbaycan Respublikası vətəndaşlarının xarici əmək miqrasiyası və Naxçıvan Muxtar Respublikasında xarici işçi qüvvəsinin istifadəsi ilə bağlı Nazirliyin səlahiyyətinə aid edilmiş məsələlərin həllində qanunvericiliyə müvafiq olaraq iştirak etmək;

9.6.  Azərbaycan Respublikasının dövlət protokolunu Naxçıvan Muxtar Respublikasında təmin etmək;

9.7.  Azərbaycan Respublikasının beynəlxalq münasibətlərində Naxçıvan Muxtar Respublikasının iqtisadi, ticarət, elmi-texniki və mədəni məsələlərlə əlaqədar Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hallarda, qaydada və səlahiyyətlər daxilində iştirakı ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının dövlət hakimiyyəti orqanlarının razılaşdırılmış fəaliyyətinin təmin edilməsində iştirak etmək və Nazirliklə qarşılıqlı əlaqələrini təmin etmək;

9.8.  Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək.

 

III.          İDARƏNİN ƏSAS FUNKSİYALARI

 

10. İdarə bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir:

10.1.   Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən xarici nümayəndəliklərlə münasibətlərdə Nazirliyi təmsil edir;

10.2.   Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən xarici nümayəndəliklərin Azərbaycan Respublikasının qanunvericiliyindən, eləcə də Azərbaycan Respublikasının və xarici dövlətlərin və beynəlxalq təşkilatların iştirak etdikləri beynəlxalq müqavilələrdən irəli gələn vəzifələrinin tam həcmdə yerinə yetirilməsi üçün tədbirlər görür;

10.3.   Azərbaycan Respublikasının beynəlxalq münasibətlərində Naxçıvan Muxtar Respublikasının iqtisadi, ticarət, elmi-texniki və mədəni məsələlərlə əlaqədar Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hallarda, qaydada və səlahiyyətlər daxilində Naxçıvan Muxtar Respublikası ilə xarici dövlətlər və beynəlxalq təşkilatlar arasında sazişlərin bağlanması, icrası, ləğv edilməsi və qüvvəsinin dayandırılması barədə təkliflər hazırlayır və müəyyən olunmuş qaydada Nazirliyə təqdim edir;

10.4.   Azərbaycan Respublikasının xarici və daxili siyasəti, tarixi, sosial-iqtisadi və mədəni həyatı haqqında Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən xarici nümayəndəlikləri rəsmi məlumatlandırır;

10.5.   Naxçıvan Muxtar Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarını və  bələdiyyələrini,  həmçinin  kütləvi  informasiya  vasitələrini Azərbaycan Respublikasının beynəlxalq vəziyyəti və xarici siyasəti haqqında məlumatlandırır.

10.6.   Azərbaycan Respublikasının beynəlxalq münasibətlərində Naxçıvan Muxtar Respublikasının iqtisadi, ticarət, elmi-texniki və mədəni məsələlərlə əlaqədar Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hallarda, qaydada və səlahiyyətlər daxilində xarici dövlətlər və beynəlxalq təşkilatlarla münasibətlər sahəsində Nazirlik ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqələndirmənin təkmilləşdirilməsinə dair təkliflər verir və Nazirlik tərəfindən müəyyən edilmiş tədbirlərin həyata keçirilməsində iştirak edir;

10.7.Azərbaycan Respublikasının beynəlxalq münasibətlərində Naxçıvan Muxtar Respublikasının iqtisadi, ticarət, elmi-texniki və mədəni məsələlərlə əlaqədar Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hallarda, qaydada və səlahiyyətlər daxilində Naxçıvan Muxtar Respublikasının Nazirliklə razılaşdırmaqla xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla Nazirliyin iştirakı ilə danışıqların aparılmasını təşkil edir;

10.8.     Naxçıvan Muxtar Respublikasında keçirilən beynəlxalq xarakterli tədbirlərin hazırlanmasında və həyata keçirilməsində iştirak edir və müvafiq işlərin aparılmasını əlaqələndirir;

10.9.     Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən xarici nümayəndəliklərin fəaliyyətinə kömək göstərir, öz səlahiyyətləri daxilində onlara xidmət göstərən təşkilatların fəaliyyətinə nəzarət edir;

10.10.Azərbaycan Respublikasının beynəlxalq münasibətlərində Naxçıvan Muxtar Respublikasının iqtisadi, ticarət, elmi-texniki və mədəni məsələlərlə əlaqədar Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hallarda, qaydada və səlahiyyətlər daxilində Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən xarici nümayəndəliklər, beynəlxalq təşkilatlar, xarici dövlətlərin müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələri ilə əlaqələrinin yaradılmasında və həyata keçirilməsində kömək göstərir;

10.11.Azərbaycan Respublikasındakı xarici nümayəndəliklərin Naxçıvan Muxtar Respublikasında öz funksiya və vəzifələrinin yerinə yetirilməsində kömək göstərir;

10.12.Naxçıvan Muxtar Respublikasında diplomatik və konsul imtiyaz və immunitetlərinə riayət olunması üzərində nəzarəti həyata keçirir;

10.13.qanunvericiliklə müəyyən edilmiş qaydada müxtəlif kateqoriyalı vizalar verir və konsul leqallaşdırmasını həyata keçirir;

10.14.öz səlahiyyətləri daxilində müəyyən edilmiş qaydada notariat əməliyyatları həyata keçirir;

10.15.qanunvericilikdə nəzərdə tutulmuş qaydada Nazirliyi məlumatlandırmaqla xidməti pasportlar verir və Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq diplomatik pasportların verilməsi üçün Nazirlik qarşısında vəsatət qaldırır;

10.16.Naxçıvan Muxtar Respublikasında olan hüquqi şəxslərin dəvəti ilə Azərbaycan Respublikasına gələcək əcnəbilərə viza verilməsi barədə Nazirlik ilə razılaşdırmaqla konsulluqlara tapşırıq verir;

10.17.Azərbaycan Respublikasının fiziki və hüquqi şəxslərinin qanuni mənafelərinin müdafiəsi üçün Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən xarici nümayəndəliklər qarşısında məsələ qaldırır;

10.18.Azərbaycan Respublikasının xarici dövlətlərlə mülki, cinayət və digər məsələlər üzrə işlərə dair qarşılıqlı hüquqi yardımın Naxçıvan Muxtar Respublikasında göstərilməsi ilə əlaqədar Nazirliyin səlahiyyətlərinə aid edilmiş məsələlərin həllində iştirak edir və kömək göstərir;

10.19.Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən xarici nümayəndəliklərin əməkdaşlarının və onlarla birlikdə yaşayan ailə üzvlərinin qeydiyyatmı aparır;

10.20.Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Naxçıvan Muxtar Respublikasında konsulluq xidmətlərini həyata keçirir;

10.21.qanunvericilikdə müəyyən edilmiş digər funksiyaları yerinə yetirir.

 

IV.               İDARƏNİN HÜQUQLARI

 

11. İdarə öz vəzifələrini və funksiyalarmı həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:

11.1. Azərbaycan Respublikasının beynəlxalq münasibətlərində Naxçıvan Muxtar Respublikasının iqtisadi, ticarət, elmi-texniki və mədəni məsələlərlə əlaqədar Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hallarda, qaydada və səlahiyyətlər daxilində münasibətlərin yaradılması, danışıqların hazırlanması və (və ya) aparılması barədə Nazirliyi məlumatlandırmaq, müvafiq işlərin aparılmasında, habelə saziş layihələrinin hazırlanmasında iştirak etmək, onların Azərbaycan Respublikasının mənafelərinə, habelə Azərbaycan Respublikasının qanunvericiliyinə və beynəlxalq hüquq normalarına uyğun olması üzərində nəzarəti həyata keçirmək;

11.2.   öz səlahiyyətlərinə aid edilmiş məsələlərlə əlaqədar Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarından, habelə yerli icra hakimiyyəti orqanlarından və bələdiyyələrindən, fiziki və hüquqi şəxslərdən müəyyən edilmiş qaydada arayışlar və məlumatlar almaq;

11.3.   öz səlahiyyətlərinə aid edilmiş məsələlərlə əlaqədar zəruri işçi qrupları yaratmaq, habelə müşavirələr keçirmək;

11.4.   öz səlahiyyətləri daxilində qanunvericiliklə müəyyən edilmiş qaydada bülletenlər və digər məcmuələr buraxmaq;

11.5.   qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

 

V.           İDARƏNİN FƏALİYYƏTİNİN TƏŞKİLİ

 

12.   İdarənin fəaliyyətinə rəhbərliyi Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin təqdimatı ilə Azərbaycan Respublikasının xarici işlər naziri tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən İdarənin rəhbəri həyata keçirir.[i]

13.   İdarənin rəhbəri İdarəyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və onun funksiyalarının həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

14.   İdarənin rəhbərinin Azərbaycan Respublikasının xarici işlər naziri tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən iki müavini vardır.

15.   İdarənin rəhbəri:

15.1.    İdarənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

15.2.    Azərbaycan Respublikasının beynəlxalq münasibətlərində Naxçıvan Muxtar Respublikasının iqtisadi, ticarət, elmi-texniki və mədəni məsələlərlə əlaqədar Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hallarda, qaydada və səlahiyyətlər daxilində Naxçıvan Muxtar Respublikasının səlahiyyətli orqanlarının müvafiq münasibətlərinin yaradılmasında, danışıqlarının hazırlanmasında və (və ya) aparılmasında bilavasitə iştirak edir və Nazirliyi təmsil edir;

15.3.    Naxçıvan Muxtar Respublikasının dövlət hakimiyyəti orqanları, habelə xarici nümayəndəliklər ilə qarşılıqlı münasibətlərdə Nazirliyi təmsil edir.

15.4.    İdarənin strukturu, işçilərinin say həddi və xərclər smetası barədə təklifləri hazırlayıb Nazirliyə təqdim edir;

15.5.    öz səlahiyyətləri daxilində İdarənin fəaliyyətinə dair icrası məcbur olan əmrlər, sərəncamlar, göstərişlər verir;

15.6.    öz səlahiyyətləri daxilində İdarədə normativ hüquqi aktlarım icrasını təşkil edir və onların yerinə yetirilməsi üzərində nəzarəti həyata keçirir.

16.   İdarənin rəhbəri olmadıqda və ya vəzifələrini icra edə bilmədikdə, onu İdarənin rəhbərinin müavini Nazirliyi məlumatlandırmaqla əvəz edir.

17.   İdarənin strukturu, işçilərinin say həddi və xərclər smetası Nazirliyin strukturu, işçilərinin say həddi və xərclər smetası daxilində qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edilir. İdarədə diplomatik xidmət keçmə Azərbaycan Respublikasının dövlət qulluğu və diplomatik xidmət haqqında qanunvericiliyinə müvafıq olaraq həyata keçirilir. İdarədə qulluqla bağlı məsələlər Nazirlik tərəfındən həll edilir.

18.    İdarənin işi Nazirliklə əlaqələndirməklə, Nazirliyin tapşırıqları nəzərə alınmaqla tərtib olunan illik plan üzrə təşkil olunur. İdarənin illik planı müəyyən edilmiş qaydada Nazirlik tərəfındən təsdiq olunur.

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       22  noyabr 2005-ci il tarixli 318 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərman (“Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 11, maddə 1013)

  

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

[i] 22  noyabr 2005-ci il tarixli 318 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərman (“Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 11, maddə 1013) ilə 12-ci bəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

12.  İdarənin fəaliyyətinə rəhbərliyi Azərbaycan Respublikasının xarici işlər naziri tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən İdarənin rəhbəri həyata keçirir.

 

  

  

 

 

        

 

Copyright 2008-2016 / Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respubliksındakı İdarəsi

 

 

Tərtibat və proqramlaşdırma: Nakhinternet.AZ