11 avqust 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov ilə İsrailin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Corc Dik arasında görüş keçirilmişdir.
Ali Məclisin Sədri ölkələrimiz arasındakı münasibətlərdən bəhs etmiş, ölkələrimiz arasında əlaqələrin inkişafında İsrailin Azərbaycandakı Səfirliyinin fəaliyyətini vurğulamışdır. Muxtar respublikanın uzun illər blokada şəraitində yaşadığını bildirən Ali Məclisin Sədri kommunikasiyaların bərpasından sonra əlaqələrin müxtəlif sahələrdə - təhsil, səhiyyə, turizm, kənd təsərrüfatı və yeni texnologiyaların tətbiqi istiqamətində genişlənəcəyinə əminliyini ifadə etmişdir.
Səmimi qəbula görə minnətdarlıq edən Corc Dik Naxçıvan Muxtar Respublikasına səfərinin əhəmiyyətinə toxunmuşdur. Azərbaycandakı multikultural və tolerant mühitdən bəhs edən səfir əlaqələrin gələcəkdə daha da möhkəmlənəcəyini bildirmişdir.
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılmışdır.