06 iyul 2017-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Belçika Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bert Skufs ilə görüşmüşdür.
Ali Məclisin Sədri qonağı səmimi salamlayaraq, səfir təyin olunması münasibətilə təbrik etmiş və fəaliyyətində uğurlar arzulamışdır. Ölkələrimiz arasındakı münasibətlərə uyğun olaraq Naxçıvan-Belçika əlaqələrinin inkişaf etdiyini bildirən Ali Məclisin Sədri iqtisadi-ticarət və əczaçılıq sahəsindəki əməkdaşlıqdan danışmış, təhsil sahəsində əlaqələrin yaradılmasının və iş adamları arasında görüşlərin keçirilməsinin əhəmiyyətini vurğulamışdır.
Səfir səmimi qəbula və qonaqpərvərliyə görə minnətdarlığını bildirmiş, Naxçıvana səfərinin mühüm əhəmiyyətə malik olduğunu qeyd etmişdir. Belçika Krallığı ilə Naxçıvan Muxtar Respublikası arasındakı əlaqələrin məmnunluq doğurduğunu qeyd edən qonaq hər iki tərəfin maraqları daxilində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulamış və bu istiqamətdə səylərini əsirgəməyəcəyini bildirmişdir.
Görüşdə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Belçika Krallığı arasındakı əlaqələrin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunmuşdur.