16 noyabr 2017-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Kuba Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Alfredo Fidel Nieves Portuondo ilə görüşmüşdür.
Ali Məclisin Sədri qonağı salamlayaraq onu Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vətəni olan Naxçıvanda görməkdən məmnunluğunu ifadə etmişdir. Ulu öndərin Kuba inqilabının rəhbəri Fidel Kastro ilə yaxın əlaqələrini diqqətə çatdıran Ali Məclisin Sədri ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə dəstək verdiyini və ikitərəfli əlaqələrin müxtəlif sahələr üzrə inkişaf etdiyini bildirmişdir. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Kuba arasında ticarət əlaqələrinin olduğunu qeyd edən Ali Məclisin Sədri təhsil sahəsində əməkdaşlığın qurulmasının və xüsusilə tütünçülüyün inkişafı istiqamətində təcrübə mübadiləsinin aparılmasının əhəmiyyətini vurğulamışdır.
Ulu öndərin vətəni Naxçıvanda olmaqdan şərəf duyduğunu bildirən Alfredo Fidel Nieves Portuondo göstərilən xoş münasibətə görə minnətdarlıq etmişdir. Səfir Naxçıvanın tarixi, mədəniyyəti və müasir inkişafı haqqında məlumatlı olduğunu diqqətə çatdırmış və muxtar respublikanın bütün çətinliklərə baxmayaraq inkişaf etməsinin nümunə gücündə olduğunu və əməkdaşlıq üçün geniş imkanlar açdığını bildirmişdir.