16 noyabr 2017-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas ilə görüşmüşdür.
Ali Məclisin Sədri Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələrdə, xüsusilə təhsil sahəsində həyata keçirilən layihələrdə Naxçıvan Muxtar Respublikasının iştirakını diqqətə çatdırmış, Naxçıvan Dövlət Universitetinin tələbələrinin Avropanın müxtəlif universitetlərində təhsillərini davam etdirdiyini bildirmişdir. Avropa İttifaqı tərəfindən muxtar respublikada həyata keçirilən birgə tədbirlərin əhəmiyyətini qeyd edən Ali Məclisin Sədri bundan sonra da əlaqələrin inkişafında səylərin göstəriləcəyini vurğulamış və bu sahədəki fəaliyyətinə görə Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbərinə təşəkkür etmişdir.
Naxçıvana ilk dəfə səfər etdiyini və burada olmaqdan məmnunluğunu bildirən Kestutis Yankauskas Avropa İttifaqı ilə muxtar respublika arasında əlaqələrin inkişafında və ikitərəfli münasibətlərin genişləndirilməsində maraqlı olduqlarını vurğulamışdır.
Görüşdə Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasındakı əlaqələrin gələcək inkişafına dair fikir mübadiləsi aparılmışdır.