23 noyabr 2017-ci il tarixdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respubikasındakı İdarəsinin rəis müavini Vüsal Ələkbərli Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri xanım Elena Ajmone Sessera ilə görüşmüşdür.
İdarə rəisinin müavini Vüsal Ələkbərli qonağı səmimi salamlayaraq onunla İdarədə görüşməkdən məmnunluğunu ifadə etmiş, nüfuzlu təşkilatlardan sayılan Beynəlxalq Qızıl Xaç Komitəsi ilə ölkəmiz arasındakı mövcud əməkdaşlığın, həmçinin bu beynəlxalq qurumun Azərbaycandakı fəaliyyətinin olduqca təqdirəlayiq olduğunu bildirmiş, xüsusilə sərhədboyu rayonlarda həyata keçirilən müxtəlif layihələrin faydalarından bəhs etmişdir.
Nümayəndəliyin rəhbəri muxtar respublikada gedən iqtisadi inkişafdan söz açmış və buraya ikinci səfərindən olduqca məmnun qaldığını bildirmiş, xüsusilə Naxçıvan Dövlət Unversitetində keçirilən görüşün bu səfər çərçivəsində mühüm yer tutduğunu qeyd etmişdir. Elena Aymone Sessera penitensiar xidmətdə aparılan genişmiqyaslı islahatlardan, qanunvericilik və institusional tədbirlərdən danışmış, bu mənada muxtar respublikanın hüquq-mühafizə orqanları ilə də əməkdaşlığın vacibliyini vurğulamışdır.
Öz növbəsində Vüsal Ələkbərli Naxçıvanın beynəlxalq təşkilatlarla əlaqələrinin uğurla inkişaf etdiyini diqqətə çatdırmış və sözügedən təşkilat tərəfindən həyata keçirilməsi nəzərdə tutulan layihələrin təşkilinə köməklik göstəriləcəyindən əminliyini ifadə etmişdir.
Görüş zamanı digər məsələlər ətrafında müzakirələr aparılmışdır.