20 iyun 2018-ci il tarixdə, Naxçıvan Dövlət Musiqili Dram Teatrında “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018”-in açılış tədbiri keçirilmişdir.
İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş direktoru Əbdüləziz Osman əl-Tuveyrci, Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev, Əlcəzairin mədəniyyət naziri Əzzədin Mihobi, Qvineya Respublikasının mədəniyyət, idman və tarixi-mədəni irs naziri Sanosi Bantama Sou, İndoneziya Respublikasının təhsil və mədəniyyət naziri Muhacir Əfəndi, Tacikistan Respublikasının mədəniyyət naziri Şəmsəddin Şodibek, Özbəkistanın mədəniyyət naziri Bəxtiyar Seyfullayev, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının Baş katibi Düsen Kaseinov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə və digər qonaqlar ümummilli liderimiz Heydər Əliyevin abidəsini ziyarət edərək gül dəstələri qoymuş, Ulu Öndərin xatirəsinə ehtiramlarını bildirmişlər.
Daha sonra tədbir iştirakçıları Heydər Əliyev muzeyinə gələrək dahi şəxsiyyətin həyatı, siyasi və dövlətçilik fəaliyyəti ilə bağlı eksponatlarla tanış olmuşlar.
Tədbir başlanmazdan əvvəl teatrın foyesində fotoqraf Hüseyn Bağırovun “Mənim Naxçıvanım” foto-sərgisinə baxış olmuşdur. Naxçıvanın bütün gözəlliklərini, özünəməxsus təbiətini və müasir inkişafını nümayiş etdirən fotolar maraqla qarşılanmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Haçadağın fotoşəkilini İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş direktoru Əbdüləziz Osman əl-Tuveyrciyə, Batabatın fotoşəklini isə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının Baş katibi Düsen Kaseinova hədiyyə etmişdir.
Tədbir Qurani-Kərimin tilavəti ilə başlamışdır.
Sonra Naxçıvan Dövlət Televiziyasının hazırladığı “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan” televiziya filminə baxış olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin sədri cənab Vasif Talıbov Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Paytaxtı Naxçıvan şəhərində əlamətdar tarixi günlərin yaşandığını bildirərək tədbir iştirakçılarını salamlamış və Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilməsi təşəbbüsünə və dəvəti qəbul edib açılış tədbirində iştiraka görə qonaqlara təşəkkürünü bildirmiş və “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan – 2018” tədbirlərini açıq elan etmişdir.
Daha sonra, İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş direktoru Əbdüləziz Osman əl-Tuveyrci və Azərbaycan Respublikasının mədəniyyət naziri, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsi sədrinin müavini Əbülfəs Qarayev çıxış etmişdir.
Sonda Naxçıvan Dövlət Filarmoniyasının konserti olmuşdur.
Daha sonra “Araz” Dövlət Qəbul Evində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri adından “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018”in açılış tədbirində iştirak üçün Naxçıvana gəlmiş qonaqların şərəfinə rəsmi ziyafət verilmişdir.
Nahardan sonra qonaqlar Ali Məclisin Sədri ilə birgə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi, Nuh Peyğəmbərin məzarüstü türbəsi, Naxçıvan Biznes Mərkəzi, “Əshabi-Kəhf” Dini-Mədəni Abidə Kompleksi, Duzdağ Fizioterapiya Mərkəzi, həmçinin Naxçıvan şəhərində inşa edilən yeni məscid binası ilə də tanış olmuşlar.