13 iyun 2018-ci il tarixdə Naxçıvan Respublikası Ali Məclisnin Sədri Vasif Talıbov Moldova Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri George Leuka ilə görüşmüşdür.
Ali Məclisin Sədri qonağı salamlamış və onu Naxçıvanda görməkdən məmnunluğunu ifadə etmişdir. Ölkələrimiz arasındakı ikitərəfli münasibətlərdən bəhs edən Ali Məclisin Sədri, muxtar respublikada ərzaq və enerji təhlükəsizliyinin təmin olunması sahəsində görülən işlərdən danışmışdır. Naxçıvan Muxtar Respublikası ilə Moldova arasında əməkdaşlığın inkişaf istiqamətlərini diqqətə çatdıran Ali Məclisin Sədri iqtisadi-ticarət, kənd təsərrüfatı, sənaye, turizm və təhsil sahələrində, eləcə də iş adamları arasında qarşılıqlı əlaqələrin inkişafı üçün potensialın olduğunu qeyd etmiş, səfirə fəaliyyətində uğurlar arzulamışdır.
Səmimi qəbula görə minnətdarlıq edən George Leuka Naxçıvanın tarixi və müasir inkişafı haqqında məlumata malik olduğunu bildirmişdir. Səfir muxtar respublikaya səfərinin əməkdaşlıq imkanlarının müzakirəsi baxımından mühüm əhəmiyyət daşıdığını və bu sahədə səylərini əsirgəməyəcəyini qeyd etmişdir.