21-23 sentyabr 2018-ci il tarixlərdə, Naxçıvan şəhərinin Azərbaycanın Gənclər Paytaxtı seçilməsi münasibəti ilə muxtar respublikada “Avropa günləri” adlı tədbir keçirilmişdir. Tədbirdə iştirak etmək məqsədilə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, Finlandiya, Danimarka, Yunanıstan, Macarıstan, Bolqarıstan və Belçika Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirləri, həmçinin adıçəkilən Nümayəndəlik və Avropa ölkələrinin müxtəlif Səfirliklərin əməkdaşlarından ibarət heyət həmin tarixlərdə Naxçıvan Muxtar Respublikasına səfərə gəlmişdir.
22 sentyabr 2018-ci il tarixdə, səfirlər Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qəbulunda olmuşdur. Daha sonra qəbulda iştirak edən qonaqların iştirakı ilə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin inzibati binasında mətbuat konfransı keçirilmişdir.
Günün ikinci yarısında səfirlər və digər nümayəndələr müxtəlif qruplar halında Naxçıvanda fəaliyyət göstərən orta məktəblərdə, Naxçıvan Dövlət Universiteti və “Naxçıvan Universitetində tanışlıq xarakterli təqdimatlar etmişlər.
23 sentyabr tarixdə isə heyət “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində təşkil olunan “Avropa şəhərciyi”nin açılış tədbirində iştirak etmişdir. Burada Azərbaycana, eləcə də Avropa ölkələrinə aid sərgilər, uşaqlar üçün intellektual və əyləncəli proqramlar, rəqslər, axşam isə açıq hava altında konsert proqramı təşkil edilmişdir.
Səfər çərçivəsində nümayəndələrin bir qrupu Naxçıvan şəhərinin tarixi-mədəni obyektləri ilə də tanış olmuşdur.