27 sentyabr 2018-ci il tarixdə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Küveyt Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Səud Əbdüləziz əl-Rumi ilə görüşmüşdür.
Ali Məclisin Sədri cənab Vasif Talıbov qonağı səmimi salamlayaraq onun muxtar respublikaya səfərindən məmnun olduğunu ifadə etmişdir. Muxtar respublikanın inkişafı sahəsində görülən işlərdən bəhs edən Ali Məclisin Sədri Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Küveyt Dövləti arasında qarşılıqlı əlaqələrin inkişafı üçün imkanların olduğunu diqqətə çatdırmış, Səud Əbdüləziz əl-Ruminin səfərinin bu baxımdan səmərəli olacağına əminliyini ifadə etmişdir. Səmimi qəbula görə minnətdarlıq edən səfir muxtar respublikanın istehsal müəssisələri və tarixi abidələri, o cümlədən Duzdağ Fizioterapiya Mərkəzi ilə tanışlığın onda böyük təəssürat yaratdığını bildirmişdir. Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin inkişafına mühüm əhəmiyyət verdiklərini qeyd edən S.Ə.Rumi bu sahədə səylərin artırılacağını vurğulamışdır.
Görüşdə gələcək əməkdaşlıq imkanları müzakirə olunmuşdur.