11 dekabr 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Viktor Szederkenyi ilə görüşmüşdür.
Ali Məclisin Sədri qonağı salamlamış və onu Naxçıvanda görməkdən məmnunluğunu bildirmişdir. Muxtar respublikada iqtisadiyyatın müxtəlif sahələrinin inkişaf etdiyini bildirən Ali Məclisin Sədri Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Macarıstan Respublikası arasında iqtisadi, təhsil və turizm sahələrində qarşılıqlı əlaqələrin inkişafı üçün imkanların olduğunu diqqətə çatdırmışdır.
Səmimi qəbula görə minnətdarlıq edən Viktor Szederkenyi Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin inkişafına mühüm əhəmiyyət verdiklərini vurğulayaraq səfərinin bu baxımdan səmərəli olacağına əminliyini ifadə etmişdir. Ölkələrimiz arasındakı ikitərəfli münasibətlərə diqqəti çəkən qonaq Naxçıvan Muxtar Respublikasının inkişafını əməkdaşlıqda vacib amil kimi dəyərləndirmiş və bu sahədə səylərin artırılacağını qeyd etmişdir.
Görüşdə gələcək əməkdaşlıq perspektivləri müzakirə olunmuşdur.