Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsi tərəfindən 17 dekabr 2019-cu il tarixdə Naxçıvan Universitetində “Azərbaycan Respublikasının enerji diplomatiyası” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
Konfransı giriş sözü ilə açan Naxçıvan Universitetinin rektoru Nurlana Əliyeva ölkəmizdə enerji təhlükəsizliyi istiqamətində əldə olunan uğurlardan, ölkəmizin enerji siyasətindən və diplomatiya sahəsində qazanılan nailiyyətlərdən danışmışdır.
Daha sonra Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin rəisi Vüsal Ələkbərli Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının yaradılması, ötən 100 il ərzində keçdiyi inkişaf yolu, xarici siyasətin məqsəd və vəzifələri haqqında məlumat vermişdir. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu xarici siyasət kursunun bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirən İdarə rəisi, ölkə başçısının rəhbərliyi ilə bütün sahələrdə olduğu kimi, milli diplomatiya sahəsində də ciddi və əhəmiyyətli uğurlar əldə olunduğunu vurğulamışdır. Həmçinin enerji strategiyasının qüsursuz reallaşmasında və bütövlükdə dövlətçilik mənafelərinin təmin olunmasına yönəlmiş müstəqil xarici siyasətin daim uğurla həyata keçirilməsindən danışan V.Ələkbərli hazırda Azərbaycanın bir sıra enerji layihələrini reallaşdırması ilə əhəmiyyətli tərəfdaşlar qazandığını, beynəlxalq miqyasda öz mövqeyini möhkəmləndirdiyini və Azərbaycanın Şərqlə Qərbin, Şimalla Cənubun kəsişməsində əvəzolunmaz tərəfdaş mövqeyi qazandığını qeyd etmişdir.
Konfransda Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin əməkdaşları Pərviz Budaqovun “Azərbaycan Respublikasının enerji siyasəti” və Ülvi Məmmədlinin “Cənubi Qaz Dəhlizi və Azərbaycana tranzit potensialı” mövzularında məruzələri dinlənilmişdir.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.