18 mart 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov və Türkiyə Respublikasının Ticarət nazirinin müavini və Gömrük İdarəsinin sədri Rza Tuna Turaqayın rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilmişdir.
Ali Məclisin Sədri qonaqları salamlamış, səfərin Çanaqqala zəfərinin və Çanaqqala şəhidlərinin anım gününə təsadüf etdiyini diqqətə çatdırmış, Çanaqqala və Qarabağ şəhidlərinin xatirəsinə ehtiramını bildirmişdir. Hər iki ölkə Prezidentlərinin iradəsinə uyğun olaraq Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının ilbəil möhkəmləndiyini qeyd edən Ali Məclisin Sədri demişdir ki, Sədərək Gömrük-Sərhəd Buraxılış Məntəqəsi üçün müasir kompleksin qurulması ikitərəfli əlaqələrə verilən önəmin ifadəsidir. Ali Məclisin Sədri regionda əməkdaşlıq üçün geniş imkanların olduğunu bildirmiş, muxtar respublika ilə Türkiyə arasında ikitərəfli ticarət əlaqələrinin perspektivlərini dəyərləndirmişdir.
Türkiyə Respublikasının Ticarət nazirinin müavini və Gömrük İdarəsinin sədri Rza Tuna Turaqay səmimi qəbula görə nümayəndə heyəti adından minnətdarlıq etmişdir. Qonaq Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi qələbənin və əldə olunmuş razılaşmanın region üçün əhəmiyyətini vurğulamışdır. Gələcək əməkdaşlıq barədə danışan Rza Tuna Turaqay Naxçıvan Muxtar Respublikasının inkişafının ikitərəfli münasibətlərə töhfə verdiyini bildirmişdir.
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.