24 yanvar 2017-ci il tarixində Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri Cənab Vasif Talıbov İran İslam Respublikasının Qərbi Azərbaycan Vilayətinin ostandarı Cənab Qurbanəli Səadəti qəbul etmişdir.
Qonağı səmimiyyətlə salamlayan Ali Məclisin Sədri Naxçıvan Muxtar Respublikası ilə İİR Qərbi Azərbaycan Vilayəti arasında müxtəlif fəaliyyət sahələri üzrə qarşılıqlı maraqlara söykənən ikitərəfli dostluq münasibətlərindən və bu münasibətlərin yüksələn xətlə irəliləməsindən məmnunluq duyduğunu bildirmişdir.
Ali Məclisin Sədri Naxçıvan Muxtar Respublikası ilə İİR Qərbi Azərbaycan Vilayəti arasındakı Poldəşt gömrük nəzarət məntəqəsində gündəlik iş saatının artırılmasından dolayı Qurbanəli Səadətin göstərdiyi səyləri yüksək qiymətləndirmişdir. Ölkələrimiz arasında mal mübadiləsinin həcminin artırılması və vətəndaşların, eləcədə yük maşınlarının vaxt məhdudiyyəti qoyulmadan rahat keçidlərinin təmin olunması məqsədilə yaxın gələcəkdə hər iki sərhəd-keçid məntəqəsinin 24 saatlıq iş rejiminə keçirilməsinin əhəmiyyəti xüsusi olaraq Ali Məclis Sədri tərəfindən qonağın diqqətinə çatdırmış, Muxtar Respublika ilə Qərbi Azərbaycan Vilayəti arasında daha sıx əlaqələrin qurulmasında verdiyi misilsiz töhfəyə görə ona öz təşəkkürünü bildirmiş, mövcud dostluq əlaqələrinin daha da möhkəmlənəcəyinə əminliyini ifadə etmişdir.
Səmimi görüşə və yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirən Qərbi Azərbaycan Vilayətinin ostandarı qarşılıqlı maraqlara söykənən əlaqələrin hər iki tərəf üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurgulamışdır. İİR Qərbi Azərbaycan Vilayətinin iqtisadi inkişafı haqqında qısaca şərh verən Cənab Qurbanəli Səadət Naxçıvan Muxtar Respublikası ilə mövcud əməkdaşlığın daha da genişləndirilməsinə dair potensial imkanlardan bəhs etmisdir. Ostandar bildirmişdir ki, İran tərəfi mövcud elaqələrin daha da sıx olması istiqamətində bundan sonra da səylərini əsirgəməyəcəkdir. Qurbanəli Səadət Ali Məclisin Sədrini İİR Qərbi Azərbaycan Vilayətinə rəsmi səfərə dəvət etmişdir.
Görüşün sonunda qaşılıqlı maraqlar və münasibətlərin gələcək perspektivləri müzakirə olunmuşdur.