05 may 2017-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Acarıstan Muxtar Respublikasına səfər etmişdir.
Batumi Beynəlxalq Hava Limanında Ali Məclisin Sədrini Acarıstan Muxtar Respublikasının Kənd Təsərrüfatı naziri Laşa Komaxidze, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Batumidəki Baş konsulu Rəşad İsmayılov və digər rəsmi şəxslər qarşılamışlar.
Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Acarıstan Muxtar Respublikası Hökumətinin rəhbəri cənab Zurab Pataradze ilə görüşmüşdür. Ali Məclisin Sədri Gürcüstanın Acarıstan Muxtar Respublikasına səfərə dəvətə, eləcə də göstərilən diqqət və qonaqpərvərliyə görə Hökumətin rəhbərinə təşəkkür etmiş, yenidən Batumidə olmaqdan məmnunluğunu bildirmişdir. Ali Məclisin Sədri ölkələrimiz arasındakı əməkdaşlığa uyğun olaraq 2012-ci ildə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Gürcüstanın Acarıstan Muxtar Respublikası arasında hərtərəfli əməkdaşlıq əlaqələrinin qurulduğunu qeyd etmiş, iki dost muxtar respublika arasındakı əlaqələrin hazırkı səviyyəsinin, qardaşlıq münasibətlərinin hər iki tərəfdən qarşılıqlı səylərlə daha da dərinləşdirməyə qərarlı olduqlarını vurğulamışdır. Yaranmış səmimi münasibətlər, həyata keçirilən qarşılıqlı səfərlərin yeni perspektivlərin üzə çıxarılmasına öz töhfəsini verdiyini və gələcəkdə də davam edəcəyi qeyd olunmuşdur. Ali Məclisin Sədri Naxçıvan Muxtar Respublikası ilə Acarıstan Muxtar Respublikası arasında ticari-iqtisadi, təhsil, səhiyyə və digər sahələrdəki əməkdaşlıq əlaqələrinin hər iki tərəfin səylərinin nəticəsi olduğunu bildirmişdir.
Ali Məclisin Sədri tərəflər arasında dostluq və qarşılıqlı əməkdaşlığa əsaslanan münasibətlərin bundan sonra da genişlənəcəyinə əminliyini bildirmiş, bir daha göstərilən səmimi münasibətə görə təşəkkür etmişdir.
Acarıstan Muxtar Respublikası Hökumətinin sədri Azərbaycan ilə Gürcüstan arasındakı qədim dostluq və qardaşlıq münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsindən məmnunluğunu ifadə etmiş, hər iki tərəfdə fəaliyyət göstərən universitetlərarası tələbə və müəllim mübadiləsinə, uşaqların müalicəsinə aid proqramların həyata keçirilməsinə, müxtəlif müalicə və reabilitasiya mərkəzləri arasında əməkdaşlığa hazır olduqlarını bildirmişdir.
Görüşdə Naxçıvan və Acarıstan muxtar respublikaları arasında əlaqələrin inkişaf perspektivləri, Naxçıvan ilə Batumi arasında birbaşa çarter reyslərin açılması, regionda aparıcı turizm şirkətlərinin əlaqələrinin və kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi, logistik mərkəzlərin yaradılması, turist axınının artımı və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
06 may 2017-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Acarıstan Muxtar Respublikasına rəsmi səfəri çərçivəsində Şota Rustaveli adına Batumi Dövlət Universitetində olmuş və universitetin rektoru, professor Merab Xalvaşi ilə görüşmüşdür.
Rektor Ali Məclisin Sədrini salamlayaraq, universitetin yaranma tarixi, fəaliyyət istiqamətləri və mütəxəssis hazırlığı barədə ətraflı məlumat vermişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Batumi Dövlət Universitetinin Gürcüstanın böyük ənənələrə malik ali təhsil müəssisələrindən biri olduğunu bildirərək, Naxçıvan Muxtar Respublikası ilə Acarıstan Muxtar Respublikası arasındakı əlaqələrin genişlənməsində təhsil sahəsindəki əməkdaşlığın mühüm əhəmiyyətə malik olduğunu qeyd etmişdir. Naxçıvan Dövlət Universiteti ilə Batumi Dövlət Universiteti arasında tələbə-müəllim və elmi-informasiya mübadiləsi aparıldığını və bu dərinləşən dostluğun və təhsil əlaqələrinin gözəl nümunəsi olmaqla yanaşı, həm də humanitar sahədə əməkdaşlığa öz töhfəsini verdiyi qeyd olunmuşdur.
Ali Məclisin Sədri Azərbaycan-Gürcüstan təhsil və elmi əlaqələrinin inkişafına göstərdikləri səylərə görə universitetin professor-müəllim heyətinə təşəkkür etmişdir.
Sonra Ali Məclisin Sədri Batumi Dövlət Universitetində fəaliyyət göstərən “Heydər Əliyev – Azərbaycanşünaslıq Mərkəzi” və “Acarıstan-Naxçıvan Muxtar Respublikası” dostluq auditoriyası ilə tanış olmuşdur.