27 oktyabr 2017-ci il tarixdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respubikasındakı İdarəsinin rəis müavini Vüsal Ələkbərli BMqT-nin Azərbaycandakı Nümayəndəliyinin başçısı Serhan Aktoprakla görüşmüşdür.
İdarə rəisinin müavini Vüsal Ələkbərli qonağı səmimi salamalayaraq onunla İdarədə görüşməkdən məmnunluğunu ifadə etmiş, Naxçıvan MR Ali Məclisinin Sədri cənab Vasif Talıbovun miqrasiya məsələlərinə xüsusi diqqət yetirdiyini vurğulamış və BMqT-nin muxtar respublikada həyata keçirdiyi miqrasiya sahəsi üzrə maarifləndirmə, qanunvericiliyin təkmilləşdirilməsi, sərhəd idarəçiliyi, qayıdış və reinteqrasiya, insan alverinə qarşı mübarizə və s. sahələri əhatə edən müxtəlif layihələrin faydalarından bəhs etmişdir.
Nümayəndəliyin rəhbəri muxtar respublikada gedən iqtisadi inkişafı xüsusilə vurğulamış və əvvəlki səfərləri zamanı muxtar respublikanın dövlət rəsmiləri ilə keçirdiyi görüşləri məmnuniyyətlə xatırlayaraq, miqrasiya sahəsində muxtar respublikada görülmüş işlərdən söhbət açmışdır. Serhan Aktoprak muxtar respublikada həyata keçirilməsi nəzərdə tutulan layihələr haqqında məlumat vermiş və keçiriləcək seminarların faydasından danışmışdır.
Öz növbəsində Vüsal Ələkbərli Naxçıvanın beynəlxalq təşkilatlarla, o cümlədən BMqT ilə əlaqələrinin uğurla inkişaf etdiyini vurğulamış və layihələrin təşkilinə köməklik göstəriləcəyini diqqətə çatdırmışdır.
Görüş zamanı digər məsələlər ətrafında müzakirələr aparılmışdır.