08 aprel 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Tacikistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rüstəm Soli ilə görüşmüşdür.
Ali Məclisin Sədri qonağı səmimi salamlayaraq, Naxçıvan Muxtar Respublikasının ərazisi, sərhədləri, idarəetmə quruluşu və iqtisadi inkişafı haqqında ətraflı məlumat vermişdir. Blokada şəraitində yaşamasına baxmayaraq muxtar respublikada kənd təsərrüfatı və sənayenin inkişaf etdiyini, enerji və ərzaq təhlükəsizliyinin təmin olunduğunu bildirən Ali Məclisin Sədri, yerli istehsalın və ixracın artırılması sahəsində görülən işlərdən danışmışdır.
Ali Məclisin Sədri Naxçıvan Muxtar Respublikası ilə Tacikistan arasında əlaqələrin inkişafı üçün imkanların olduğunu vurğulamış və səfərin əhəmiyyətini qeyd etmişdir.
Səfir Rüstəm Soli səmimi görüşə görə minnətdarlıq etmiş, Naxçıvanda olmaqdan məmnunluq duyduğunu bildirmişdir. Görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvan şəhərindəki muzeyi ilə tanışlığın onda dərin təəssürat yaratdığını qeyd edən diplomat, ölkələrimiz arasındakı əlaqələrin inkişafında Ulu Öndərin xidmətlərini xatırlamış, Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin inkişafını vacib məsələ kimi dəyərləndirmişdir.