09 aprel 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov İndoneziya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hüsnan Bəy Fanani ilə görüşmüşdür.
Ali Məclisin Sədri qonağı yenidən muxtar respublikada görməkdən məmnunluğunu bildirmiş, ötən il İndoneziya nümayəndə heyətinin “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı 2018” tədbirlərində iştirakına görə təşəkkür etmişdir. Həyata keçirilən səfərlərin əməkdaşlığın möhkəmləndirilməsinə xidmət etdiyini vurğulayan Ali Məclisin Sədri, Azərbaycan-İndoneziya əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini və iqtisadi-ticarət əlaqələrin genişləndiyini bildirmişdir.
Ali Məclisin Sədri ölkələrimiz arasındakı ikitərəfli münasibətlərdə Naxçıvan Muxtar Respublikasının rolunu diqqətə çatdırmış, mövcud imkanların təhsil və turizm əlaqələrinin inkişafına zəmin yaratdığını vurğulamışdır. Göstərilən qonaqpərvərliyə görə minnətdarlıq edən Hüsnan Bəy Fanani muxtar respublikada olmaqdan şərəf duyduğunu qeyd etmiş, muxtar respublika ilə əlaqələrin inkişafına mühüm əhəmiyyət verdiklərini və əməkdaşlıq üçün hazır olduqlarını diqqətə çatdırmışdır.